Ruhani Məhfildə oxunan dualar (#4890)

*Məşvərət otağına daxil olan zaman, bu duanı Allah sevgisi ilə döyünən bir ürəklə və Onun zikrindən başqa hər şeydən pak olmuş bir dillə oxuyun ki, Qüvvət Sahibi Sizə ən uca qələbə qazanmaqda kömək etsin.

Ey Allah, Ey mənim Allahım! Biz Sənin bəndələrinik ki, bu əzəmətli Gündə üzümüzü sədaqətlə Sənin Müqəddəs üzünə tərəf döndərmişik və Səndən başqa hər şeydən inqita etmişik. Biz bu Ruhani Məhfildə vahid baxış və fikirlə, eyni bir məqsədlə Sənin kəlamını insanlar arasında ucaltmaq üçün toplanmışıq. Ey Rəbbimiz və Allahımız! Bizi xalqın içində İlahi Hidayət nişanələri, Ulu Əmrinin Bayraqları və Əzəmətli Əhdinin xadimləri, Əbha Mələkutunda İlahi Birlik məzhərləri və bütün diyarlara şəfəq salan parlaq ulduzlar eylə, Ey Uca Rəbbimiz. İlahi! Sənin ecazkar Fəzl dalğalarınla təlatümə gələn dənizlər, Əbha Dağlarından axan çaylar, ilahi Əmrinin Ağacında olan gözəl meyvələr və səmavi Bağçanda Sənin Bəxşiş yellərinlə əsən ağaclar olmaqda bizə kömək eylə. Ey Allah! Ruhlarımızı Sənin İlahi Birlik Ayələrinə tabe eylə və qəlblərimizi Öz Fəzl bəxşişlərinlə sevindir, ta ki biz bir dənizin dalğaları kimi birləşək və Sənin parlaq İşığının şüaları tək qovuşaq ki, fikirlərimiz, baxışlarımız, hisslərimiz bütün aləmdə birlik ruhu zahir edən vahid həqiqət olsun. Sən Fəzl Sahibi, Kəramətli, Ətaedən, Ən Qüdrətli, Mərhəmətli və Şəfqətlisən.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani Məhfildə oxunan dualar (#4891)

*Həqiqi sevinc və şadlıqla bir yerə toplaşın və görüşün əvvəlində bu münacatı oxuyun:

Sən Ey Mələkutun Rəbbi! Hərçənd biz cismən bir yerdə toplaşmışıq, lakin bizim məftun ürəklərimiz Sənin Məhəbbətindən ovsunlanmışdır və Sənin parlaq üzünün şüaları bizi heyran etmişdir. Zəif də olsaq, Sənin qüdrət və qüvvətinin zühurlarını gözləyirik; heç bir imkanı və vəsаiti olmayan fəqir də olsaq, yenə də Sənin Səmavi xəzinəndən sərvət alırıq; qətrə də olsaq, yenə də Sənə məxsus dəryalar dəryasından bəhrələnirik; zərrə də olsaq, yenə Sənin ən işıqlı Günəşinin cəlalı içində parıldayırıq.

Sən Ey bizim Pərvərdigarımız! Özün kömək ol ki, buraya toplanmış hər kəs yanan bir şam, hər kəs bir cazibə mərkəzi, hər kəs Sənin Mələkutunun bir carçısı olsun, ta ki, nəhayətdə, biz bu fani dünyanı Sənin Cənnətinin aynadakı əksinə çevirək.

-`Abdu'l-Bahá
-----------------------

Ruhani Məhfildə oxunan dualar (#4892)

Bu münacat Ruhani Məhfilin görüşünün sonunda oxunur.
İlahi! İlahi! Öz birliyinin gizli səltənətindən bizə nəzər sal, Sənə iman gətirmişik, Sənin əlamətlərinə əmin olmuşuq, Sənin Əhd-Peymanında möhkəm, Sənə cəzb olunmuşuq, Sənin məhəbbət oduna qalanmışıq və Sənin əmrində sədaqətli olmaqla bu ruhani yığıncaqda toplaşmışıq. Biz Sənin üzümlüyünün xadimləriyik, Sənin dinini yayanlarıq, Sənin üzünə sədaqətlə sitayiş edənlərik və Sənin dostların qarşısında müti, Sənin qapın önündə baş əymiş halda Sənə yalvarırıq - Sənin seçilmişlərinə xidmət etməkdə bizi müvəffəq eylə, görünməz qoşunlarınla bizə dayaq dur, Sənə bəndəlikdə belimizə qüvvət ver və bizi təslim olmuş, Sənə sitayiş edən və Səninlə ünsiyyət edən bəndələr eylə.

Ey Rəbbimiz! Biz zəifik, Sən isə Qüdrətlisən, Qüvvətlisən. Biz ölüyük, Sən isə ən böyük həyatverən Ruhsan. Biz möhtacıq, Sən isə Ruzi Verən və Qüvvətlisən.

Ey Rəbbimiz! Bizim üzümüzü Öz mərhəmətli üzünə çevir, Öz tükənməz fəzlinlə bizi Sənin səma süfrəndən qidalandır, uca mələklərinin qoşunu ilə bizə yardım eylə və Əbha Mələkutundakı müqəddəslərlə bizə dəstək ver.

Həqiqətən, Sən Səxavətli və Mərhəmətlisən. Sən böyük kəramət Sahibisən və həqiqətən, Sən Rəhmli və Fəzl Sahibisən.

-`Abdu'l-Bahá
-----------------------

